Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü.
Yaponiyada və ya Çində yabanı halda bitir. Nahamar, xırda, ulduzlu tükcüklərlə örtülmüş yarpaqlarına görə belə adlandırılmışdır.
Hündürlüyü 2,5 m olan koldur. Zoğlarının qabığı qırmızı və ya boz-qonur rəngli, sonradan tökülür. Yarpaqları sadə, yumurtavari, neştər formasında və ya uzunsov-yumurtavari, kənarları xırda dişli, tüklü, nadir hallarda çılpaq olub, qarşılıqlı düzülmüşdür. Natamam lələkvari damarlıdır. Yarpaqaltıqları yoxdur. Saplaqları 1 sm uzunluqdadır. İyul-avqust aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayı, düz dayanan, uzunluğu 12 sm-ə qədər olan ensiz salxımlara yığılmışdır. Çiçəkyanlığı tez töküləndir. Tumurcuqları xırda, 1-2 mm uzunluqda çılpaq pulcuqlarla örtülmüşdür. Meyvəsi şarşəkilli, təpədən çatlayan qutucuqdur, oktyabrın ortalarında yetişir. Toxumları xırda, 1 mm uzunluqdadır. Toxumlarla, oduncaqlaşmış qələmlərlə, kolun bölünməsi ilə çoxalır.
İşıqsevən olub, torpağa az tələbkardır. Soyuğa davamlı deyildir, ziyanvericilərlə az zədələnir. Küləkdən qorunan yerlərdə əkilməsi və cavan bitkilərin qışda üstünün örtülməsi məsləhətdir.
Böyük Qafqazda çay kənarlarında rast gəlinir.
Tək və qrup əkinlərində istifadə olunur.
Nahamar deysiya (lat. Deutzia scabra) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü.