Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Qafqaz, Cənub-Qərbi Asiyada geniş yayılmışdır. İlk dəfə İranın Xorasan əyalətində təsvir edilmişdir.
30- 40 sm diametrində, seyrək və yarımkürəşəkilli yastığa malik alçaq koldur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikli və kələ- kötürdür. Xarici çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Daxili çiçəkaltlıqları kasacıq borucuğuna bərabər və ya bir azca ondan qısadır. Kasacığın büküyünün pərdələri kəsimli və qısalmış damarcıqlar arasında yerləşmişlər. Çiçək saplaqları budaqlı, çılpaq və ya aşağı hissədən qısa tükcüklü olub, yarpaqlardan çox hündürdür. Sünbülün oxu azca kələ-kötür olub, qırılandır. Sünbülcüklər 9-10 mm uzunluqdadır. Kasacığın uzunluğu 10 mm-ə qədərdir. Kasacıq borucuğu 6-7 mm uzunluqda olub, çılpaq və büküyü 1,5-2 mm enindədir. Tacı parlaq çəhrayı, ləçəkləri isə çəhrayıdır. May-iyun ayında çiçəkləyir, iyun- iyulda toxumları yetişir.
Kserofitdir. Dəniz səviyyəsindən 700-1500 m hündürlükdə yaxşı bitir. İran-Turan coğrafi elementinə daxildir. Naxçıvan MR ərazisində beşdilim tıs-tıs əsasən aşağı və orta dağlıq qurşaqlarda, quru, əhəngli, daşlı və çınqıllı yamaclarda (friqanoid bitkiliyində) yayılmışdır. Torpağa tələbkar olmayan, işıqsevən bitkidir.
Sədərək və Ordubad rayonu ərazisində, yamaclarda rast gəlinir.
Yastıqvari formasına, çəhrayı çiçəklərinə görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir. Dağlıq sahələrin bərkidilməsində istifadə edilə bilər.
Beşdilim tıs-tıs (lat. Acantholimon quinquelobum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.