Psillidlər və ya yarpaqbirələri yarımdəstəsi-(lat. Psyllinea) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə.
Bu yarımdəstənin nümayəndələri, zahirən cırcıramacıqlara və mənənələrə bənzəyən xırda, sorucu cücülərdir (1,5-5,5 mm). Cırcıramacıqlardan başın düzxətli qabaq kənarı, bığcıqların quruluşu və qanad damarlanmasının zəifliyi ilə; ikincilərdən isə kənar damarı olan daha qalın qabaq qanadları və sıçrayıcı arxa ayaqları ilə fərqlənir. Başı az-çox aydın şəkildə döşdən ayrılmışdır. Adətən çəp halda aşağı əyilmişdir (Liviidae-də irəli yönəlmişdir). Təpənin arxa künclərində və ya yan tərəflərində cüt sadə gözcük yerləşmişdir. Üçüncüsü – tək gözcük təpə tikişinin zirvəsində yerləşir. Mürəkkəb gözləri adətən qabarıq, çox vaxt sferik şəkildə olur, Liviidae-də az-çox yastı formadadır. Bığcıqları 10 buğumludur (çox nadir hallarda 8-9 buğumlu), birinci iki buğum həmişə qalanlarından yoğundur; 10-cu buğumda iki müxtəlif ölçülü qılcıq var, 3-cü buğum adətən ən uzun buğumludur (yalnız Liviidae-də 2-ci buğum qalanlarının hər birindən uzundur). Bəzi buğumların başında qoxu çökəkləri – rinarilər vardır. Döş hissəsində ortadöş güclü inkişaf etmişdir. Ayaqlarının hər üç cütü bənzər quruluşdadır, ancaq arxa, sıçrayıcı ayaqlar daha güclü inkişaf etmişdir. Arxa çanaqlarda dalda adətən merikantlar inkişaf edir. Cücü sıçrayış zamanı hər iki ayağı ilə bu kiçik çıxıntılara söykənir. Pəncələri 2 buğumludur, birinci buğumun başında çox vaxt iki sıçrayış tikanı (Arytainini-də 1) olur, ikinci buğum pulvilləri olan bir cüt caynaqla qurtarır, üzərində qılşəkilli ampodium və enli arolium vardır. Qabaq qanadlar – damarlanması eynitipli olan arxa qanadlara nisbətən xeyli güclü inkişaf etmişdir və dinclik halında onunla birlikdə beldə taxtapuş kimi yığılır. Qabaq qanadlar formasına və gözəl naxışına görə müxtəlif olub, dərivari, möhkəm və ya çox vaxt zarlıdır, kənarları kənar damarı ilə hüdudlanır. Damarlanma zəif və uzununadır. Qabaq qanadların membranı yuxarıdan və aşağıdan çox vaxt ən xırda (adi gözlə nadir hallarda görünən) səth tikancıqları ilə örtülmüşdür, oyuğun zirvə kənarının başında parginal tikanlar qrupu vardır. Arxa qanadların damarlanması oxşar olsa da, damarlar zəif ifadə olunmuşdur. Hər iki qanadın uçuş zamanı əlaqəsi onunla təmin olunur ki, arxa qanadların üzərində oturan 4-14 qarmaqlı qıllar qabaq qanadların klavusunun aşağı əyilmiş kənarına ilişir. Psillidlər bütövlükdə pis uçur və uçuş zamanı qanadlarından süzmək və sürüşmək aparatı kimi istifadə edirlər. Genital seqmentdə müxtəlif formalı və quruluşlu cinsiyyət qısqacları və ikibuğumlu penis yerləşmişdir; onun zirvəsi enlənmişdir. Adətən yuxarıdan borulu çıxıntısı olur. Bu çıxıntının ucunda toxumtökən kanal açılır.[1]
Bütün psillidlər fitofaq olub, adətən yem bitkiləri ilə sıx bağlıdır. Monofaq və ya başlıca olaraq dar oliqofaq olmaqla, kütləvi populyasiyalar əmələ gətirməyə meyillidirlər. Nimfa fazasında çox vaxt koloniyalarla yaşayırlar. Bir çox növləri sahib-bitkinin gövdə və yarpaqlarında şişginlik əmələ gəlməsinə səbəb olur ki, burada virus xəstəliklərinin keçiriciləri olur. Son illərin araşdırmaları onların bir sıra qiymətli bitkilərə – Krımda nəcib dəfnəyə, Qazaxıstanda və Orta Asiyada saksaula, Uzaq Şərqdə mantar ağacları tinglərinə, Rusiyanın Avropa hissəsində bəzi ağac cinslərinə (göyrüş, murdarça) ciddi ziyan vurduğunu üzə çıxarmışdır.[1]
Yer kürəsində 1500, MDB-də 500-ə yaxın, Qafqazda 212, Azərbaycanda 120 növü məlumdur
Psillidlər və ya yarpaqbirələri yarımdəstəsi-(lat. Psyllinea) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə.