dcsimg

Sırğaçiçək pişikdırnağı ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması:

Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır

Botaniki təsviri:

Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1-5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9-18 budaqcıqlıdır. Hər budaqda adətən 11-13 cüt ensiz, ellipsvari, 8-10 mm uzunluğunda, 2-4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6-7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir. Erkəkciklər tacdan iki dəfə uzundur. Paxlası xətvari, düz və ya oraqvari əyilmiş, uclarından sivri, 10-23 sm uzunluqda, 6-13 mm enində olub, 10-20 toxumludur. Toxumları uzunsov və yumurtavari, 6 mm uzunluqda, şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Ekologiyası:

Şoran torpaqlarda yaxşı inkişaf edir, çiçəkləyir və toxum verir. Quraqlığa, istiyədavamlı, işıqsevən ağacdır.

Azərbaycanda yayılması:

Zaqatala, Lənkəran, Göyçay, Astara, Abşeron və başqa zonalarda mədəni şəraitdə becərilir.

İstifadəsi:

Oduncağında və qabığında aşı maddəsi, meyvəsində 25-30% yeyilən fruktoza şəkəri vardır. Yarpaqlarından və cavan zoğlarından alınan məhlul göz xəstəliklərinin müalicəsində istifadə edilir.

Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ