Sarı qırxayaqlar dəstəsi (lat. Julida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə
Sarı qırxayaqlar dəstəsini silindrik bədən forması və sayı 30-dan artıq olan çoxlu miqdarda silindrik seqmentlər səciyyələndirir. Bəzi torpaq sarı qırxayaqların daha nazik bədəni olur (diametri 1 mm), onlar kordur, zəif piqmentləşmişlər, zəhər vəzilərinin xal şəkilli dəlikləri aydın nəzərə çarpır. Məsələn, nazik sarı qırxayaqlar fəsiləsinin (Blaniulidae) nümayəndələri belədir. Əsl sarı qırxayaqların (Julidae) bədəni naziklərdəkindən daha az dartılmışdır və onlarda adətən gözlər olur.[1]
Sarı qırxayaqlar ikicütayaqlıların ən zəngin və çox yayılmış dəstəsini təmsil edirlər. Əsl sarı qırxayaqlar fəsiləsinin növləri (22 növ) daha zəngindir. Lənkəran zonasının qarışıq meşələrində onlardan Amblyiulus continentalis All. üstünlük təşkil edir. Alçaq dağlıq zonasının dağ-meşə sarıtorpaqlarında bunların sayı 1 m² 65 fərd təşkil edir. A.continentalis yalnız meşə örlüyü altında rast gəlinir, meşə döşənəyində, torpağın üst onsantimetrlik təbəqəsində, çürümüş ağacda yaşayır. Bir neçə il ərzində ömür sürür. Onlarda yaz və payız fəallıq zirvəsi və yay-qış diapauzaları ilə aydın mövsümi ritm müşahidə edilir. A.cjntinentalis-dən fərqli olaraq, Ommotoiulus caspius Lohm. subdominant növü meşələrdə, xam çöl sahələrində, çay və limon plantasiyalarında rast gəlinir. Bütün il ərzində fəal qidalanır. Miqdar səviyyəsi A.continentalis-dən aşağı olsa da, bitki qalıqlarının parçalanmasında onun əhəmiyyətini daha uzun qidalanma dövrü artırır. Hər iki növün fəaliyyəti nəticəsində Lənkəranın alçaq dağlıq zonasındakı meşələrdə olan bütün xəzəllər, demək olar ki, parçalanır. Böyük Qafqazın dağ-meşə qonur və dağ-meşə qəhvəyi torpaqlı qarışıq meşələrində Megaphyllum brachyurum Att. üstünlük təşkil edir. Kiçik Qafqazın alp çəmənlikləri altındakı dağ-çəmən sıx çimli torpaqlı yamaclarında bitki qalıqlarının əsas parçalayıcısı olan Anuroleptophyllum caucasicum Att., sayı 1 m² fərddir. Mühitin əlverişsiz hidrotermik şəraiti ilə bağlı olaraq cəmi 4 ay çəkən fəallıq dövrü ərzində onlar 56 q/m²-ə qədər xəzəl parçalamağa qabildirlər ki, bu da il ərzində torpaqda çürüyən bütün xəzəlin təxminən yarısını təşkil edir. Kiçik Qafqazın alçaq dağlıq zonasındakı mədəniləşmiş şabalıdı (boz-qəhvəyi) torpaqlar üçün (yonca, dənli bitkilər) sarı qırxayaqlardan Brachyiulus lusitanus Verh. səciyyəvidir. Azərbaycanda sarı qırxayaqlar 24 növlə təmsil olunmuşlar.[1]
Azərbaycanda Lənkəran, Kiçik Qafqaz və Böyük Qafqaz bölgələrində yayılmışdır.[1]
Sarı qırxayaqlar dəstəsi (lat. Julida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə