Penstemon (lat. Penstemon) - bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Penstemonun çiçəklərinin beş erkəkciyi vardır.Penstemon yunan sözü olub, "beş erkəkcik" deməkdir. Dünyada Penstemon cinsinin 250-dən çox növü məlumdur ki, onlardan gülçülükdə əsasən 5 növdən istifadə olunur. Bu bitki çoxillik olmasına baxmayaraq yaşıllaşdırmada birillik bitki kimi yetişdirilir. Hibrid penstemon (P.x.hybridus) qırxbuğum penstemon (P.geptianoides), Xartveqa penstemonu (P.hartwegii) və ağac sarmaşığı penstemonu (Pcobaea) növlərindən yaşıllaşdırmada geniş istifadə olunur. Yazda bitki kök boğazında yarpaq rozeti əmələ gətirir və ondan zoğların uclarında çiçəkləri olan, zəif budaqlanan gövdə yaranır. Çiçəkləri qırmızı, çəhrayı, xallı olur. Hibrid penstemonun hündürlüyü 80 sm-dir. 1871-ci ildən mədəni bitki kimi yetişdirilir. Penstemon isti yay günlərində çox suvarılmalıdır. Çiçəkləmə müddətini uzatmaq üçün solmuş hamaşçiçəkləri kəsmək lazımdır.