dcsimg

İpək akasiya ( Azerbaijani )

provided by wikipedia AZ

Təbii yayılması

Bu növə Cənubi Qafqaz, Krım, Ukrayna, Orta Asiya, İtaliya, İran, Türkiyə, Fransa, Koreya, Şimali Amerikada təsadüf edilir. Növə bəzən Güləbrişin və ya Lənkəran akasiyası da deyilir.

Botaniki təsviri

Zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18-20 m-ə, diametri 30-40 sm-ə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvari, uzunluğu 18-25 sm-dir. Çiçəkləri xırda, 5 şüalı, başcıqvari çiçək qrupu əmələ gətirir. Çiçək qrupları iri, mürəkkəb süpürgələrdə birləşir. Başcıq çiçək qrupunun kənarlarında erkəkcikli, mərkəzində isə ikicinsli çiçəklər yerləşir. Erkəkcikli çiçəklərin çiçək yanlığı yaşılımtıl-sarı rəngdədir. İkicinsli çiçəklərin tacı isə uzun boruşəkilli, kasacıqdan 8-10 dəfə uzun, xaricdən ipəkvari tüklərlə örtülüdür. Erkəkciklər sayca çoxdur, uzun (30-35 mm), nazik saplı, tacdan çox irəli çıxmış, çəhrayı rəngdə olub, boru şəklində birləşmişdir. Tozluqları xırda, dörd kameralı, sarıdır. Salxıma oxşar tozcuq qovuqlarına yapışıqdır. Dişiciyi bir, telvari sütunludur. Paxlalar yastı, xətvari, çılpaq, 16-20 sm uzunluqda və 20-25 mm enindədir.

Ekologiyası

İşıq, istisevən, quraqlığadavamlı, torpağa az tələbkar, tez böyüyən bitkidir.

Azərbaycanda yayılması

Əsasən Talış ərazisində yayılmışdır. Bakı, Gəncə, Astara, Lənkəran, Kür-Araz ovalığı, Samur və Şabran rayonlarında mədəni şəraitdə becərilir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir (1989).

İstifadəsi

Dekorativ, ballı bitkidir, xoş ətirlidir. Qabığında 7-8% aşı maddəsi, saponin, həmçinin boyaq maddəsi vardır. Qabığından alınmış cövhərdən xalq təbabətində istifadə edilir.

Ədəbiyyat =

  • Деревья и кустарники СССР. Т.4. 1951.;
  • Azərbaycanın "Qırmızı" və "Yaşıl kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1989;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in sutu və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011


Mənbə

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ