Adi boymadərən (lat. Achillea millefolium) — mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Çoxillik ot bitkisidir. Hündürlüyü 30-75 sm, gövdəsi və yarpaqları yumşaq tüklüdür. Kökü üfuqi şəkildə yayılır, kökdən çıxan və gövdəsindəki lanset-lələkvarı yarpaqları 3-5 və daha çox hissəciklərə bölünmüş hissələrdən ibarətdir. Diametri 2–3 mm olan, ağ və açıq çəhrayı çoxsaylə xırda çiçəkləri gövdənin yuxarısında qalxanvari şəkildə, çətir formasında sıx birləşərək bir iri çiçək təəssüratı yaradırlar. Yarpaqların dadı şorməzə və azacıq büzüşdürücü, çiçəklərin dadı isə acı ədviyəlidir. May-sentyabr aylarında çiçəkləyərək, iyun-oktyabr aylarında meyvə verir.
Flavonoid, alkaloid, qlikozid, efir və piyli yağlar, C və K vitaminləri, aşı maddələr, eləcə də qətranlar, lakton və karotinlə zəngindir.
Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Naxçıvanın və Talışın dağlığ hissəsində yayılmışdır. Orta dağ qurşağından subalp qurçağına kimi (dəniz səviyyəsindən 800–2600 m-ə qədər) rast gəlinir. Əsasən meşələrdə, kolluqlarda, subalp çəmənliklərdə, əkinlərdə, çaqıl daşlıqlar və dincə qoyulmuş torpaqlarda bitir.
Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xaıq təbabətində, eləcə də kliniki sınaqlarda, homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə, ürək, böyrək və böyrək daşı, sidik kisəsi, bronxial astma, dəri, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, malyariya, qadın, revmatizm, stomatit, allergiya, ateroskleroz və bədxassəli şişlərə qarşı istifadə olunur. Antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Hamiləlik dövründə istifadə etmək olmaz. İstifadə olunan hissələri yerüstü hissəsi və çiçəkləridir. Cövhər və dəmləmə kimi istifadə olunur.
Adi boymadərən (lat. Achillea millefolium) — mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.