Saçaqlıqanadlılar və ya tripslər (lat. Thysanoptera) — buğumayaqlılar tipinin paraneopteralar dəstəüstünə aid olan dəstə.
0,5-5,0 mm uzunluğunda uzunsov, yaraşıqlı, seyrək qıllarla örtülmüş bədəni olan xırda cücülərdir. Alnı güclü şəkildə çəpləşmiş, aşağıdan və arxadan ağız orqanları ilə ağız konusuna keçir və arxaya yönəlmişdir. Ağız konusunu üst və alt dodaqlar əmələ gətirir. Onun içərisində deşici qılların – şəklini dəyişmiş üst və alt çənələrin uc hissələri yerləşir. Öz əsası ilə onlar başın içərisinə çəkilmişdir, özü də bir yerə yığılan alt cüt sorucu borunu əmələ gətirir. Ağız orqanlarının asimmetrikliyi bundadır ki, yalnız sol üst çənə inkişaf etmiş, üst dodaq sağ və sol kənarlar üzrə eyni uzunluğa malik deyildir. Bunun nəticəsində üzlüyün alt sərhəddi düzgün deyil. Tripslərdə ağız orqanlarının və başın üz hissəsinin asimmetrikliyi onların yeganə özünəməxsusluğunu təşkil edir. Qida substratının deşilməsi təxminən düzqanadlılarda və taxtabitilərdə olduğu kimi baş verir, yəni burada deşici qıllar iştirak edir, ağız konusu isə bayırda qalır. Gözləri nisbətən az miqdarda iri fasetlərdən ibarətdir. Gözlər arasında üçbucaq şəklində bəzən rudimentar olan, bəzən də ümumiyyətlə olmayan 3 sadə gözcük yerləşmişdir. Bəzi növlərdə başın gözlər arasındakı qabaq kənarı fır əmələ gətirir. Bığcıqları 6-9 buğumludur. Ayrı-ayrı buğumların nisbi uzunluğu və eni daimidir. Terebrantia yarımdəstəsində bığcıqların 6-cı buğumu adətən, ayrılıqda hər bir buğumdan uzundur. Son buğumlar isə çox qısadır (bığcıqlar 7 buğumludursa, 7-ci buğum). Onlar qrifel və ya stilus adlanır. Bığcıqların buğumlarında qrifel və ilk iki buğumdan başqa trixoma adlanan duyğu orqanları (ehtimal ki, iybilmə) da yerləşir. Trixomalar uzunsov, adətən yüngülcə əyilmiş və ya pulcuqlu olur. Birincilər mikroskop altında adi tükcükləri xatırladır, ancaq onlardan xeyli yoğun və bir qayda olaraq, daha açıq rənglidir, cüt və ya sadə (tək) ola bilər. Öndöş başla birləşərək qanaddöşü əmələ gətirir ki, bu da qanadsız formalarda çox daralmış olur. Ayaqları qaçış tiplidir, ancaq budları (qabaq ayaqların) bəzi növlərdə çox yoğunlaşmışdır. Terebrantia yarımdəstəsində pəncələr 2 buğumlu, Tubilifera y/dəstəsində qabaq ayaqların pəncələri 4, orta və arxa ayaqlarınkı 2 buğumludur. Pəncələrin ucunda 2 xitiləşmiş lövhə ilə qovuşan, başqa cücülərin caynaqları ilə homoloji olan qovuqşəkilli əmziklər vardır. Bəzi növlərin bud, baldır və pəncələrində dişciklər və ya tikanlar vardır. Qanadları ensizdir, dinclik vaxtı bel boyunca yığılır. Qanadların kənarında uzun zərif tüklərdən saçaq vardır. Əksər Tubilifera-da qabaq qanadların arxa kənarının zirvə hissəsində başqa istiqamətə yönələrək haşiyəni kəsən az miqdarda tükcüklər vardır. Bunlar əlavə kirpikcik adlanır. Qanadların damarlanması yastılanmışdır, Aelothripidae fəsiləsində daha çox inkişaf etmişdir. Qanad damarlarında qıllar bitmişdir. Bir çox trips növlərində qanadlar çox gödəlmişdir və ya tamamilə yoxdur. Normal inkişaf etmiş qanadlar qarıncığın zirvəsinə ya bir qədər çatmır, ya da ondan o tərəfə uzanır. Bəzi növlərlə həm normal inkişaf etmiş (F.macroptera), həm gödəlmiş qanadlı (F. brachyptera), həm də qanadsız (F. aptera) formalar vardır. Qarıncıq 10 inkişaf etmiş və 2 rudimentar seqmentdən ibarətdir. Terebrantia dişilərinin qarıncığının ucunda IX və X seqmentlərin çuxuruna yığıla bilən diş-diş yumurtaqoyan vardır. Bəzi növlərin qarıncığında iri tikanlar və ya artımlar vardır.
Əksər növlərin tipik yaşayış yeri – bitkilərin çiçəkləri, qismən yarpaqları və meyvələri, eləcə də mamır, şibyə, çim, ağac qabıqlarının çatlarıdır. Əksər növlər bitki şirələri ilə qidalanır, ancaq ətyeyən və qarışıq qidalı növlər də vardır. Bir çox növlər mədəni bitkilərin ciddi ziyanvericiləridir, bəziləri isə bitkilərin xəstəlik törədicilərini keçirir. Ayrı-ayrı ətyeyən növlər gənələri, zərərli tripsləri, mənənələri məhv etməklə nəzərəçarpacaq fayda verir.[1]
MDB-də 230 növ, Azərbaycanda 52 növ və 4 yarımnöv məlumdur. Bir çox növlər müxtəlif mədəni bitkilərin ziyanvericisi, bəzi növlər isə yırtıcıdır. Azərbaycanda pambıq ziyanvericisi kimi Thrips tabaci L., Th. gossypii Jak., Th. franeniae Bagn., Franklinella intensa Tryb., Thaeniothris frici P., haplothrips reuteri Korny, H. azerbaidjani jak. et Kurb və b. məlumdur. Yırtıcılardan Asolothrips fasciatus L., Scolothrips acariphagus Jak., S. longicornis Priesner. göstərmək olar. Zərərli trips formaları arasında tütün tripsi Thrips tabaci Lind. mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Azərbaycan şəraitində bu ziyanverici hər yerə yayılmışdır. 100-dən artıq mədəni və yabanı bitki növlərində qidalanır.[2]
Saçaqlıqanadlılar və ya tripslər (lat. Thysanoptera) — buğumayaqlılar tipinin paraneopteralar dəstəüstünə aid olan dəstə.